Qafqaz universiteti, inkişaf etmiş dünya universitetləri kimi, global inkişaf prosesi istiqamətində, ölkəyə xas xüsusiyyətləri diqqətə alaraq dünyəvi xarakter daşıyan, bilgi istehsal edən, tədqiqat və ali təhsillə məşğul olan, elmin əldə etdiyi yeniliklərin praktikada tətbiq edilməsini və müzakirə edilərək texnologiyaya çevrilməsini təmin edən, ortaya çıxardığı yenilikləri yayan, təhsil, tədqiqat və ictimayətə xidmət sahələrində sistem və metod təklifləri ilə yeni strategiyalar meydana gətirməyə çalışan bir elm və təhsil ocağıdır. Burada insanların müstəqil və yaradıcı düşünmə qabiliyyətləri inkişaf etməkdə, gənclər ictimayətə və bəşəriyyətə faydalı insanlar olaraq hazırlanmaqdadırlar.

 

 

Universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir.  Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr  seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış  tələbələr birbaşa  2-ci kursda təhsilə  başlayırlar.

2002-2003-cü tədris ilindən etibarən bəzi ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 24,  magistratura  pilləsində 15, aspirantura  pilləsində isə 6 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir. Bununla yanaşı 2006-2007 tədris ildən etibarən Universitetimizdə 3 ixtisas üzrə MBA Proqramı açılmışdır. Yüksək sürətli internet rabitəsi sayəsində, Qafqaz Universiteti Azərbaycanda TOEFL IBT imtahanını (yeni nəsil TOEFL testi) təşkil edən ilk qurumdur.

Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə  keçirilən elmi konfranslar onların  tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər.  Tələbələrdən ibarət bədii özfəaliyyət ansamblı, xor kollektivi, rəqs qrupu və dram dərnəyi onların incəsənət sahəsindəki istedadlarını  üzə çıxardır. Azərbaycanın müxtəlif guşələrinə gəzintilərin təşkil olunması tələbələrin asudə vaxtlarının xoş  keçməsinə  təminat verir.