Hər sahədə sürətli bir inkişafın baş verdiyi indiki vaxtda ölkələr öz rifah səviyyələrini yüksəltmək istəyirlər və bu çərçivədə təhsil, səhiyyə və iqtisadiyyat sahələrinin ilk yerlərdə olmasına  xüsusi diqqət verirlər. Təbii ki, bu sahələrin də inkişaf etməsinin əsasını digər faktorlardan daha çox əhəmiyyətli olan texnologiyanı yaxşı bilən, müassir dövrün tələblərinə cavab verən və yüksək səviyyədə təhsil almış kadrlar təşkil edir. Belə kadların hazırlanması isə əlbəttə, universitetlərin əsas vəzifəsidir. Universitetlər sadəcə kadrların hazırlanması ilə deyil eyni zamanda elmi tədqiqatların aparılmasında da əsas baza rolunu oynayırlar. Bu isə heç şübhəsiz firmalara, sənaye müəssisələrinə, təşkilatlara, dövlət orqanlarına və qısaca iş dünyasına lazım olan faydalı amillərdir və eyni zamanda iş dünyasının buna ciddi ehtiyacı var. Elmi tədqiqatların nəticələri, bu tədqiqatları aparan elm adamları və ixtisaslı kadr hazırlığı dövlət və özəl təşkilatların hədəflərinə çatmalarında çox əhəmiyyət kəsb edir. İş dünyasının tələblərini, təcrübi həyatın şərtlərini, təcrübi problemləri və iş dünaysının mühitini öyrənmək və bu istiqamətdə fəaliyyət prinsipini seçmək də universitetlər üçün də vacib amildir. Bütün bu faktorlar universitet və iş dünyası arasındakı əməkdaşlığın vacibliyini göstərir. Bu əməkdaşlığın mənası; universitetlərdəki mövcud məlumat yığımı və kamilləşmiş insan gücü ilə iş dünyasının mövcud təcrübəsi və maddi gücünün bir sistem daxilində birləşdirilməsi nəticəsində ortaya çıxan elmi, texniki, iqtisadi və idari fəaliyyətlərdir. Bir yandan keyfiyyətli təlim-tərbiyə fəaliyyəti ilə iş dünyasının ehtiyac duyduğu ixtisaslı iş gücünü yetişdirməyi, digər yandan da iş dünyasına istiqamətləndirilmiş seminar, işgüzar məsləhət, layihə v.b. fəaliyyətlərlə iş dünyasının ehtiyac duyduğu sahələrdə akademik təcrübə bazasını paylaşmağı hədəf alan Qafqaz Universiteti adına sizləri universitet iş dünyası arasında əməkdaşlığı gücləndirməyə dəvət edirik.