Universitet şəhərciyi  

    

2010–2011-ci tədris ilində 17.500 m2-lik tədris və 11000 m2 -lik yataqxana olmaqla, cəmi 28500 m2-lik binalarda tədris fəaliyyətini davam etdirən universitet şəhərciyinin ümumi sahəsi 12600 m2 olan yeni tədris binası və qız yataqxanasının inşası da tamamlanmışdır. Digər binalar da tamamlandığı zaman universitetin malik olduğu qapalı sahə 65000 m2-ə çatacaqdır.

BP Caspian şirkəti ilə həyata keçirilən müştərək layihə nəticəsində kimya və mexanika  mühəndisliyi bölməsinin açılması və qurulan müasir ixtisas laboratoriyaları bilavasitə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən başlıca amillərdir.

150 nəfərlik seminar salonu və 360 nəfərlik akt zalı Universitetin mütəmadi olaraq təşkil etdiyi  aylıq seminarların, respublika səviyyəli və beynəlxalq elmi konfransların, ədəbi-bədii gecələrin keçirilməsinə, Azərbaycan və Türkiyənin dövlət və milli bayramlarının, tarixi günlərin qeyd olunmasına imkan verir.  Dövlət və hökumət rəsmiləri, Milli Məclisin daimi komissiya sədrləri, millət vəkilləri, yaradıcı ziyalıların tanınmış nümayəndələri, ictimai xadimlər Universitetin qonağı olur, professor-müəllim heyəti və tələbələr qarşısında müxtəlif siyasi, elmi, ictimai mövzularda çıxış edirlər. Elmi-pedaqoji  ictimaiyyət  tərəfindən rəğbətlə qarşılanan görüşlərə  beynəlxalq aləmdə tanınan  məşhur elm və mədəniyyət xadimləri də  dəvət olunur.

Müəllim və tələbələr üçün nəzərdə tutulmuş 700 nəfərlik   yeməkxana, bufet və tibb məntəqəsi göstərilən sosial xidmətlərin sadəcə bir qismidir. Universitet şəhərciyində və Sumqayıt şəhərində yerləşən iki yataqxana tələbələrin sosial-məişət məsələlərinin həllinə təminat verir.     

Universitetin çoxsaylı kompüter parkının fəaliyyətini təmin edən informasiya hesablama mərkəzi, müxtəlif dillərdə  80  minə yaxın  kitab fonduna sahib müasir kitabxanası və oxu zalı da  tədrisin keyfiyyətinə müsbət  təsir edən  başlıca amillərdəndir. ABŞ Konqresi kitabxanası və dünyanın bir çox nəşriyyatları ilə birbaşa kitab mübadiləsinin həyata keçirilməsi mərkəzi kitabxananın kitab fondunu ildən-ilə zənginləşdirir. Müəllimlər üçün  ayrılmış iş otaqları və fərdi kompüter tədrisin yüksək səviyyədə aparılması və məhsuldar elmi fəaliyyətin  başlıca təminatıdır.