Təhsil sistemi  

 

  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Universitetə verdiyi pilot ali məktəb statusu bir çox yeniliklərin həyata keçirilməsi üçün şərait yaradır. Belə ki, Universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir.  Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr  seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış  tələbələr birbaşa  2-ci kursda təhsilə  başlayırlar.

2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 20,  magistratura  pilləsində 10, aspirantura  pilləsi üzrə də   4 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir. Bununla yanaşı 2006-2007 tədris ildən etibarən Universitetimizdə 2 ixtisas üzrə MBA Proqramı açılmışdır. Yüksək sürətli internet rabitəsi sayəsində, Qafqaz Universiteti Azərbaycanda TOEFL IBT imtahanını (yeni nəsil TOEFL testi) təşkil edən ilk qurumdur.

Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə  keçirilən elmi konfranslar onların  tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər.  Tələbələrdən ibarət bədii özfəaliyyət ansamblı, xor kollektivi, rəqs qrupu və dram dərnəyi onların incəsənət sahəsindəki istedadlarını  üzə çıxardır. Azərbaycanın müxtəlif guşələrinə gəzintilərin təşkil olunması tələbələrin asudə vaxtlarının xoş  keçməsinə  təminat verir.