Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlamış,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Daha sonra mövcud qaydalara əsasən  20.08.2002-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməsi ilə Universitetin statusunun qanunauyğunluğu bir daha təsbit olunmuşdur.  

 

 Tədris sistemi 

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Universitetə verdiyi pilot ali məktəb statusu bir çox yeniliklərin həyata keçirilməsi üçün şərait yaradır. Belə ki, Universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir.  Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr  seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış  tələbələr birbaşa  2-ci kursda təhsilə  başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 20,  magistratura  pilləsində 10, aspirantura  pilləsi üzrə də   4 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir. Bununla yanaşı 2006-2007 tədris ildən etibarən Universitetimizdə 2 ixtisas üzrə MBA Proqramı açılmışdır. Yüksək sürətli internet rabitəsi sayəsində, Qafqaz Universiteti Azərbaycanda TOEFL IBT imtahanını yeni nəsil TOEFL testi təşkil edən ilk qurumdur.